Canlı Oyun

Qalereya

Federasiya prezidentlərinin mətbuat konfransından bəzi məqamlar.

Federasiya prezidentlərinin mətbuat konfransı

Dünən Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident kuboku" beynəlxalq şahmat turnirinin keçirildiyi "ÜNS" yaradıcılıq səhnəsində FİDE prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mətbuat konfransı keçirmişlər. Hər iki federasiya rəhbəri jurnalistlərin suallarını cavablandırıb.


- Şahmatçıların çıxışlarını necə dəyərləndirirsiniz?

Elman Rüstəmov - Vəziyyət normaldır. Turnirdə yığmamızın qarşısına hökmən qalib gəlmək vəzifəsi qoymamışıq. Buna görə də Bakıya belə güclü şahmatçılar toplaşdı. Açığı, dünya komandasının heyətində yer alan istedadlı oyunçuları Azərbaycana gətirməkdə məqsədimiz onları ölkə şahmatsevərlərinə, gənclərə, yeniyetmələrə göstərməkdir. Artıq bu məqsədimizə çatmışıq. Yarışın keçirildiyi zal doludur. Oyunlar gərgin idman mübarizəsi şəraitində keçir, şahmatçılar bir-birlərinə güzəşt etmirlər ki, hesab edirəm bu da yaxşı haldır.

Kirsan İlyumjinov - Ümumiyyətlə turnirdən və komandamızın çıxışından razıyam. Yaxşı başa düşürəm ki, bu uğurda sizin qonaqpərvərliyinizin də böyük rolu var

- Sizcə, hansı səbəbdən milli komandamız hesab geri qalıb? Üçüncü turdan sonra şahmatçılarımızla görüşüb, onlara məsləhətlərinizi, tövsiyələrinizi verəcəksinizmi?

Elman Rüsəmov - Dünya çempionu Vişvanatan Anand dünən dedi ki, bu uğura nail olmaqda əsas amil bəxtdir. Hesabda geri qalmağımızda bəxt amilinin rolu da var. Şahmatçılarımızın mübarizliyindən razıyam, amma nəticədən yox. Hər halda, sona hələ bir neçə tur qalıb.

- Şahmat Federasiyasının prezidenti seçilərkən, "Şahmat tacı"nın mümkün qədər tez ölkəmizə gətiriləcəyinə çalışacağınızı demişdiniz. Bu uğura ən yaxın vaxtda nə zaman nail olmaq mümkündür?


Elman Rüsəmov - Dövlət başçımız cənab İlham Əliyev bizim qarşımıza belə vəzifə qoyub. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən gəlmək realdır. FİDE prezidenti Kirsan İlyumjinov da qeyd etdi ki, bizim şahmatçılar çox istedadlıdır, yüksək reytinqə malikdirlər. Fikrimcə, onlar yaxın gələcəkdə "Şahmat tacı" uğrunda real olaraq, mübarizə qoşulacaqlar. Bu istiqamətdə işlər aparılır. Dövlət Proqramının da müddəalarına əsasən, elit şahmatçılar öz güclərindən maksimum yararlanmalı, məqsədlərinə çatmalıdırlar.

- Adətən idman yarışlarında komandaların kapitanları da üz-üzə gəlirlər. Sizin FİDE dünya yığmasının kapitanı İlyumjinovla oynamaq fikriniz varmı?


Elman Rüsəmov - Bu oyuna məmnuniyyətlə hazıram.

Kirsan İlyumjinov : Mən də öz növbəmdə Elman Rüstəmovla şahmat taxtası arxasına əyləşməyə hazıram. Zənnimcə bunu tezliklə həyata keçirə biləcəyik.


- Vişvanatan Anand və Veselin Topalov arasında "Şahmat tacı" uğrunda görüş Azərbaycanda təşkil oluna bilərmi?


Elman Rüsəmov- Bu haqda düşünürük. Eyni zamanda, bu məsələyə də Dövlət Proqramı çərçivəsində baxılacaq. Şəxsən, mən belə mötəbər yarışın ölkəmizdə keçirilməsinin əleyhinə deyiləm. Əgər sponsorluq etmək istəyən tapılsa niyə də olmasın ?

- Ötən il keçirilmiş Şahmat Olimpiadasından sonra kişilərdən ibarət yığmamıza əcnəbi baş məşqçi təyin olunacağı gözlənilirdi. Bununla bağlı nə yenilik var?


Elman Rüsəmov - Bu məsələ aktual deyil, ciddi müzakirə olunmayıb. Yaxın vaxtlarda Gənclər və İdman Nazirliyi ilə birgə Dövlət Proqramının müddəalarının reallaşması mexanizmi üzərində müzakirə aparacağıq. Həmin vaxt ölkəmizdə şahmat təsərrüfatının inkişafına dair bütün məsələlərə toxunalacaq.

- Ermənistan tərəfi Dağlıq Qarabağda beynəlxalq şahmat turnirləri keçirirlər. Bunun qarşısını almaq üçün sizin təsir mexanizminiz var?


Elman Rüsəmov - İşğal olunmuş torpaqlarımızda ermənilərin keçirdiyi heç bir turnirin legitimliyi yoxdur. O ki qaldı təsir mexanizminə, biz FİDE-yə müraciət edib, bu məsələni qurum qarşısında qaldırmışıq.

Kirsan İlyumjinov - Həmin turnirin təşkilatçıları bizdən beynəlxalq status istəsələr də FİDE heç bir şəkildə buna icazə verməyəcəyik. Lakin qeyd etməliyəm ki, FİDE-nin də həmin turnirlərdə kiminsə işirak etməsinə qadağa qoymaq səlahiyyəti yoxdur.

Qadınlar arasında keçirilən "Qran-Pri" turnirinin bir mərhələsinin Bakıda keçirilmək ehtimalı varmı ?

Kirsan İlyumjinov - Azərbaycan Şahmat Federasiyası beynəlxalq tədbirlərdə fəal iştirak edir. Qadın şahmatçılar arasında da Qran-Pri turnirinin bir mərhləsini Bakıda keçirilməsi fikrimiz var. Bu barədə biz Azərbaycan Şahmat Federasiyası ilə müzakirələr aparırıq.

 

 

 




Geriyə